Jerar Depardye yenidən məhkəmə qarşısında - 20 ilədək həbs

Jerar Depardye yenidən məhkəmə qarşısında - 20 ilədək həbs Dünya

Fransalı aktyor Jerar Depardye 2018-ci ildə törədildiyi iddia olunan təcavüz əməlinə görə yenidən məhkəmə qarşısına çıxacaq.

News24.az xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi aktyorun cinayət təqibinə xitam verilməsi ilə bağlı şikayətini rədd edib.

Məlumata görə, ittihamı fransalı aktrisa Şarlott Arnu irəli sürüb. O, 2018-ci ilin avqustunda Depardyenin Parisdəki evində iki dəfə zorlandığını iddia edib.

Aktrisa həmin vaxt polisə müraciət etsə də, sübutların kifayət etməməsi səbəbindən işə xitam verilib. 2020-ci ildə istintaq yenidən başladılıb və aktyora rəsmi ittiham irəli sürülüb.

Depardye ittihamları rədd edib və münasibətlərinin qarşılıqlı razılıq əsasında olduğunu bildirib. Təqsiri sübuta yetiriləcəyi təqdirdə aktyoru 20 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, aktyor 2025-ci ilin mayında başqa bir iş üzrə iki qadına qarşı seksual zorakılıqda təqsirli bilinərək 18 ay şərti həbs cəzasına məhkum edilib.