Avropaya səfər edənlərə XƏBƏRDARLIQ: sentyabrın 6-dan…

Avropaya səfər edənlərə XƏBƏRDARLIQ: sentyabrın 6-dan… Dünya

Sentyabrın 6-dan Avropa İttifaqının (Aİ) xarici sərhədlərində Avropa Giriş-Çıxış Sistemi (EES) çərçivəsində tətbiq olunan müvəqqəti güzəştlər ləğv ediləcək. Dəyişikliklər quru, dəniz və hava yolu ilə Aİ-yə daxil olan sərnişinlərə şamil olunacaq.

News24.az xəbər verir ki, yay aylarında sərhəd-keçid məntəqələrində yaranan sıxlığı azaltmaq məqsədilə ölkələrə fövqəladə hallarda biometrik məlumatların – barmaq izlərinin götürülməsi və üz skanının – toplanmasını müvəqqəti dayandırmağa icazə verilib. Sentyabrın 6-dan bu istisna qüvvədən düşür.

EES-in mərhələli tətbiqinə 2025-ci ilin oktyabrında başlanılıb, sistem isə 2026-cı il aprelin 10-dan Aİ ölkələrinin sərhədlərində tam fəaliyyətə keçib.

Yeni qaydaların xüsusilə hava nəqliyyatına ciddi təsir göstərəcəyi gözlənilir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, əvvəllər 20–25 saniyə davam edən standart pasport yoxlaması hazırda təxminən 90 saniyə çəkir. Nəticədə iri hava limanlarında pasport nəzarətində gözləmə müddəti iki dəfəyə qədər artıb.

Məsələn, “Financial Times” və Qsensor analitik qrupunun araşdırmasına görə, iyul ayında Frankfurtda orta gözləmə müddəti 120 dəqiqəyə çatıb. Münhendə növbələr 31 dəqiqədən 60 dəqiqəyə, Amsterdamda isə maksimum gözləmə müddəti 80 dəqiqədən 120 dəqiqəyə yüksəlib.

Aviasiya sektoru fövqəladə güzəştlərin ən azı qış mövsümünün sonunadək qüvvədə saxlanılmasını tələb edir. Britaniyanın turizm biznesi assosiasiyası ABTA-nın ictimaiyyətlə əlaqələr direktoru Lük Peterbric bildirib ki, EES-in bütün iştirakçı ölkələrində tam və sabit işləməsinə hələ uzun yol var.

EES sistemi Aİ-yə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarının da sərhəd keçidinə təsir edir. Sistem çərçivəsində səyahətçilərin pasport məlumatları rəqəmsal şəkildə qeyd olunur, üz görüntüsü və barmaq izləri götürülür. 12 yaşadək uşaqlar barmaq izi prosedurundan azaddır.

Sistemin tətbiqinin ilk mərhələlərində Avropa hava limanlarında uzun növbələr yaranmış, hava limanlarında sərhəd nəzarətindən keçmə müddətinin 70 faiz artdığı bildirilmişdi.

Yayda Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Malta, Niderland, Portuqaliya və İsveçrə Avropa Komissiyasına müraciət edərək fövqəladə çeviklik mexanizminin müddətinin uzadılmasını istəyib. Lakin bu güzəştlərin sentyabrın 6-dan qüvvədən düşməsi gözlənilir. (“Euronews”)