Ay torpağında kartof yetişdirildi

Ay torpağında kartof yetişdirildi Dünya

ABŞ-nin Oreqon Universitetinin alimləri Ay torpağını təqlid edən süni mühitdə kartof yetişdirməyə nail olublar.

News24.az xəbər verir ki, təcrübənin nəticələri üzvi gübrələrdən istifadə edildikdə kartofun belə şəraitdə tam inkişaf dövrünü başa vura bildiyini göstərib.

Alimlər təcrübə üçün “Modoc” sortundan istifadə edərək kartofu Ay reqolitinin beş müxtəlif növündə əkiblər.

Müqayisə üçün adi Yer torpağında da nümunələr yetişdirilib.

Təmiz Ay torpağında bitkilər zəif inkişaf edib, kök sistemi isə demək olar ki, formalaşmayıb. Tədqiqatçılar bunu torpaqda bitkilər üçün zəhərli olan misin mövcudluğu ilə əlaqələndiriblər.

Lakin torpağa biohumus (soxulcanların həyat fəaliyyəti nəticəsində yaranan üzvi gübrə) əlavə edildikdən sonra nəticələr dəyişib.

Ay torpağının 70 faizi və gübrənin 30 faizindən ibarət qarışıqda yetişdirilən kartof Yer torpağındakı bitkilər qədər yaxşı inkişaf edib.

Araşdırma zamanı kartof yumrularının bitkinin digər hissələrinə nisbətən əlverişsiz mühitə daha davamlı olduğu da müəyyən edilib.

Onlarda zəhərli maddələr olan solanin və çakoninin miqdarında ciddi artım qeydə alınmayıb.

Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə Ayda uzunmüddətli kosmik missiyalar zamanı kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkünlüyünü araşdırmaq baxımından əhəmiyyətlidir.