Azərbaycanın addımı Qərbi narahat etdi: - "QİTƏLƏRARASI BALANSI DƏYİŞƏCƏK"
Dünya
“Qarabağ qitələrarası balansı dəyişmək potensialına sahibdir. Ermənistan- Azərbaycan arasındakı yaşananlar İran, Türkiyə, Rusiya və Çindəki balansı dəyişə bilər”
News24.az xəbər verir ki, belə bir başlıqlı yazını “Forbes” jurnalı yazıb.
“Forbes” öz təhlilində Qarabağdakı proseslərin qlobal güc balansı üçün geniş nəticələri ola biləcəyini vurğulayaraq, “Fantastik səslənsə də, Ermənistanla Azərbaycan arasında baş verənlər, qitələr arasında balansı dəyişmək üçün nəzarət potensialına malikdir”, - deyə qeyd edib.
“Ermənistan ərazisinin bir hissəsindən keçən və Azərbaycanı birbaşa Türkiyə ilə birləşdirən dəhliz coğrafiyada gizli iki super güc olan türk dövlətlərini bir-birinə bağlaya bilər”, - deyə nəşr bunun Zəngəzur dəhlizi sayəsində həyata keçəcəyinə diqqət çəkib.

“Forbes” bir müddət öncə sözügedən dəhlizin açılmasına Ermənistan, İran və Rusiyanın qarşı çıxdığını xatırladıb.
"Zəngəzur dəhlizi niyə bu qədər vacibdir? Çünki dəhliz Orta Asiyadakı türk respublikalarını Azərbaycan üzərindən Türkiyə ilə birləşdirəcək "Mərkəzi Dəhliz" adlanır. Burada söhbət tarixi İpək Yolu ticarət yolunu canlandıra biləcək dəmir yolu və avtomobil xətlərindən gedir".

Forbes türk dövlətlərinin bir araya gəlib birlikdə hərəkət etmələrinin İran, Rusiya, Çin və Ermənistan üçün yeni təhlükə yaradacağını iddia edərək, bu vəziyyətin dünyanın bir çox yerində türkləri ruhlandıracağını yazıb.
Jurnal bildirib ki, Mərkəzi Asiya C5 ölkələrinin iqtisadiyyatlarının getdikcə böyüyür və onlar şüurlu şəkildə bir-birinə bağlıdır: “ABŞ prezidenti Co Bayden tərəfindən 5 1 təşəbbüsü də məhz bu səbəbdən edilib”
Yunanıstanın “CNN” telekanalında “Dağlıq Qarabağ Ermənistan üçün bitdi, Türkiyə üçün isə yeni başlayır” başlıqlı təhlilində Zəngəzur dəhlizinə diqqət çəkib.
“CNN Greece” Ərdoğanın sözlərinə istinad edərək yazıb: “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edən türk qardaşlar tərəfindən bu xüsusi dəhliz yaradılması Ermənistana qarşı bir qələbə olardı və Ərdoğan türk dünyasını birləşdirmək öhdəliyini yerinə yetirərdi”.

Qeyd edək ki, Zəngəzur dəhlizinin Türkiyənin Azərbaycanla birbaşa əlaqəsini təmin edəcəyini bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bir sıra önəmli açıqlama verib.
“Naxçıvanla və Azərbaycanın digər bölgələri ilə birbaşa əlaqə yaratmaq, Azərbaycan quru və dəmir yolu xətləri ilə əlaqələrimizi daha da gücləndirəcək. Bu səbəbdən də bu dəhlizin ən qısa zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu dəhlizin reallaşması strateji əhəmiyyət kəsb edir və tamamlanmalıdır”,- deyə ölkə başçısı bildirib.
Ayşən