Azərbaycanla delimitasiya prosesini davam etdirəcəyik - Paşinyan

Azərbaycanla delimitasiya prosesini davam etdirəcəyik - Paşinyan Dünya

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan delimitasiya prosesini davam etdirəcək.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O xatırladıb ki, artıq Ermənistan və Azərbaycan 12 kilometrlik bir hissədə delimitasiya aparıb, həmin ərazidə xidmət artıq Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçirilir.

“Gələcəkdə biz, əlbəttə ki, prosesi davam etdirəcək və məntiqli müddətlərdə başa çatdıracağıq”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Gürcüstanla da delimitasiya prosesinin ümumiləşdirilməsi gündəmdədir və bu barədə gürcü tərəfi ilə razılaşma mövcuddur.

Ermənistan baş naziri həmçinin qeyd edib ki, delimitasiya və demarkasiya nəticəsində hərbçilər döyüş mövqelərində deyil, daimi dislokasiya yerlərində xidmət göstərəcəklər.

“Onilliklər boyu onlar səngərlərdə və mövqelərdə xidmət ediblər, bu isə məlum səbəblərə görə ən yaxşı şərait deyil,” – deyə o bildirib.

Paşinyan əlavə edib ki, sərhəddəki güclü istehkamlar və müdafiə qurğuları bir vaxt sərhəd qoşunlarına təhvil veriləcək, lakin bu, yalnız Azərbaycanla tam sülh şəraitində mümkün olacaq. Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə hər gün daha da inamla irəliləyir.