Böyük Britaniyada kuryoz olay: idmançını terrorçu zənn etdilər
Dünya
Böyük Britaniyada kuryoz olay yaşanıb. Belə ki, polis idman jiletində olan sakini terrorçuya bənzədib.
News24.az xəbər verir ki, Mançester yaxınlığında Solford şəhərində sakinlər ərazidə guya partlayıcı maddə bərkidilən qara jiletli insan görüblər, iddialara görə isə onun əlində naqil olub. Dərhal bu barədə polisə məlumat verilib.
"Hadisə yerinə" snayper, helikopter cəlb edilib, silahlı olduğu zənn edilən kişi saxlanılıb.
Daha sonra aydınlaşıb ki, çağırış əsassız olub. Belə ki, saxlanılan şəxs sadəcə olaraq tibbi ləvazimatlarını daşıya bilmək üçün xüsusi cibləri olan jilet geyinib. Onun şəkərli diabetdən və ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Əlində isə sadəcə tullanmaq üçün idman aləti olub.
Yoxlanışdan sonra həmin kişi sərbəst buraxılıb.
Baş verən hadisə ilə əlaqədar polisin açıqlamasında bildirilir ki, sözügedən park iri yəhudi icmasının yaxınlığında yerləşir və ərazidə sinaqoq fəaliyyət göstərir. Həmin sinaqoqun yaxınlığında isə ötən il terror aktı törədilib. Məhz bu səbəbdən çağırışda həmin ərazinin qeyd edilməsinə görə polis dərhal əməliyyat keçirməyi mühüm bilib. ("Bild")