Dünyada cəmi bir ədəd: "Ferrari" yeni superkarını təqdim etdi – FOTOLAR
Dünya
ABŞ-nin Monterrey şəhərində keçirilən avtomobil həftəsi çərçivəsində unikal “Ferrari CZ26” superkarının təqdimatı olub. Premyera amerikalı müştəri, “Ferrari Special Projects” proqramı və şirkətin baş dizayneri Flavio Manzoni rəhbərliyindəki “Ferrari” dizayn studiyasının ikiillik əməkdaşlığının yekununu nümayiş etdirib.
News24.az xəbər verir ki, şirkətin məlumatına görə, CZ26 1970-ci illərin italyan sənaye dizaynının ən diqqətçəkən nümunələrindən ilhamlanıb. Avtomobilin dizaynında sadə formalar, funksionallıq və texniki elementlərin vahid kompozisiyada birləşdirilməsi əsas götürülüb.
Unikal avtomobilin əsasında “Ferrari SF90 Stradale” kupesi dayanır. CZ26 modelinin ümumi silueti qorunsa da, kuzov tamamilə fərqli dizayn edilib. Ön hissədə daha hündür kapot, nazik faralar və iri hava girişləri, arxa hissədə isə yeni fənərlər və dəyişdirilmiş yan hava kanalları tətbiq olunub.
Superkar gümüşü rəngə boyanıb, ön hissəsi qara rəngdə işlənib və qırmızı dekorativ elementlərlə tamamlanıb. Salonda isə alkantara və karbon elementlərin sayı artırılıb, qırmızı detallardan istifadə olunub.
Avtomobilin mühərrik sistemi dəyişdirilməyib. CZ26 4,0 litrlik tvin-turbo V8 mühərriki və üç elektrik mühərrikindən ibarət, ümumi gücü 1000 at gücü olan tam ötürücülü “plug-in” hibrid sistemi ilə təchiz edilib.
“Ferrari CZ26” 0-dan 100 km/saatadək 2,5 saniyəyə, 200 km/saata isə 6,7 saniyəyə sürətlənir. Maksimal sürəti 328 km/saat, yalnız elektrik enerjisi ilə hərəkət məsafəsi isə təxminən 25 kilometrdir.