Dünyanın ən sakit adası məlum oldu
Dünya
Səs-küydən uzaq, sakit istirahət axtaranlar üçün dünyanın ən sakit adalarının reytinqi açıqlanıb.
News24.az xəbər verir ki, “BookRetreats” şirkətinin hazırladığı “Unspoilt Index” reytinqində dünyanın 100 adası qiymətləndirilib. Araşdırmada təbii ərazilərin payı, yol şəbəkəsinin sıxlığı, hava nəqliyyatının intensivliyi, əhali sıxlığı, gecə səmasının qaranlıq səviyyəsi və təbii sahil xəttinin uzunluğu nəzərə alınıb.
Reytinqə Yeni Zelandiyanın Stüart adası başçılıq edib. 1680 kvadratkilometr əraziyə malik adada cəmi 500-ə yaxın insan yaşayır. Ərazinin təxminən 85 faizi milli parkdır.
Adanın ən maraqlı xüsusiyyətlərindən biri isə burada təxminən 20 min kivi quşunun yaşamasıdır. Yəni adada kivilərin sayı insanların sayından təxminən 40 dəfə çoxdur.
Stüart adasında böyük avtomobil yolları yoxdur, yalnız bir kiçik uçuş-enmə zolağı fəaliyyət göstərir. Bunun əvəzində təxminən 280 kilometr piyada yürüş marşrutu mövcuddur.
Ada həmçinin beynəlxalq “Dark Sky” sertifikatına malik ən cənub qaranlıq səma qoruğudur. Əlverişli hava şəraitində burada cənub qütb parıltısını da müşahidə etmək mümkündür.
Reytinqdə ikinci yeri Yunanıstanın Anafi, üçüncü yeri isə Braziliyanın İlya-Qrandi adası tutub. Böyük Britaniyanın Sent-Martins adası beşinci, Şotlandiyanın Skay adası isə 11-ci sırada qərarlaşıb.
Xorvatiyanın Mlet və Vis adaları müvafiq olaraq 17-ci və 19-cu, Yunanıstanın Milos adası isə 22-ci olub.
Maraqlıdır ki, dünyanın ən məşhur turizm məkanlarından biri olan Santorini 100 ada arasında 99-cu yerdə qərarlaşıb. Buna adanın sıx nəqliyyat infrastrukturu, beynəlxalq hava limanı və təbii ərazilərin nisbətən az olması təsir edib.