Ermənistan–Türkiyə danışıqlarının tərcüməçisi maşınında ölü tapıldı

Ermənistan–Türkiyə danışıqlarının tərcüməçisi maşınında ölü tapıldı Dünya

Ermənistan və Türkiyə nümayəndə heyətlərinin görüşlərində tərcüməçi kimi iştirak edən Gevorg Kaloşyan vəfat edib.

News24.az xəbər verir ki, ilkin ehtimala görə, onun ölümünə qəfil ürək dayanması səbəb olub. G. Kaloşyan vəfatından bir gün əvvəl Gümrü–Qars dəmir yolunun bərpası və istismarı üzrə işçi qrupunun iclasında fəaliyyət göstərib.

Erməni jurnalist Qagik Şamşyanın yaydığı məlumata görə, hadisə İrəvan–Sevan avtomobil yolunun Kotayk vilayəti hissəsində, Arzni körpüsü yaxınlığında qeydə alınıb. Yol kənarında dayanan “Nissan” markalı avtomobilin sürücüsünün hərəkətsiz qaldığını görən şəxslər qapını döysələr də, cavab ala bilməyiblər.

Hadisə yerinə çağırılan xilasedicilər nəqliyyat vasitəsinin şüşəsini sındıraraq içəri daxil olub və sürücünün cəsədini aşkar ediblər. Həkimlər onun öldüyünü təsdiqləyiblər.