Etirazlar zamanı öldürülənlərin sayı 3 minə çatdı – Foto
Dünya
İranlı müxalif jurnalist Kəhrizək şəhərində yerləşən məhkəmə-tibbi ekspertiza mərkəzindən fotolar yayımlayıb. Kadrlarda etirazlar zamanı öldürülən insanların cəsədləri əks olunub.
News24.az xəbər verir ki, Kəhrizək İranın şimalında yerləşən, təxminən 37 min nəfər əhalisi olan kiçik şəhərdir. Məlumata görə, etirazlar zamanı öldürülənlərin cəsədləri əsasən məhz bu şəhərə gətirilir. Fotolar şənbə günü, 10 yanvar tarixində çəkilib.
“Bu görüntüləri göndərmək üçün internetə çıxmaq məqsədilə min kilometr yol qət etdim. Cəsədləri konteynerlərə atırlar. Həmin gün orada torpağın üzərində səpələnmiş vəziyyətdə 2000-dən çox cəsəd var idi. Biz ora çatanda soyuducu konteynerlərdən biri tamamilə doldurulmuşdu. İnsanlar yaxınlarının cəsədlərini tanıyanda, məhkəmə-tibbi ekspertiza əməkdaşları güllə yaralarını qeydə alır, kodlaşdırılmış icazə verirdi və ailələr növbəyə düzülürdü”, – jurnalist bildirib.
Bu arada, İran Səhiyyə Nazirliyinin yüksəkvəzifəli rəsmisi “The New York Times” nəşrinə açıqlamasında bildirib ki, ölkə üzrə öldürülənlərin sayı artıq təxminən 3000 nəfərə çatıb. O əlavə edib ki, qurbanların sayı arta bilər.