Everest artıq hər kəs üçün deyil: Nepal qaydaları sərtləşdirir
Dünya
Nepal hakimiyyəti Everestə qalxış qaydalarını sərtləşdirməyi planlaşdırır.
News24.az xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, bundan sonra yalnız Nepal ərazisində hündürlüyü 7000 metrdən artıq olan ən azı bir zirvəni fəth etmiş alpinistlərə Everestə qalxmaq üçün icazə veriləcək.
Yeni qaydalara əsasən, alpinistlər həmçinin təzə tibbi arayış təqdim etməli, ekspedisiyanın detallı planını göstərməlidirlər.
Hakimiyyətin məqsədi Everestdə baş verən faciələrin sayını azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. Məlumata görə, indiyədək Everestdə 300-dən çox insan həyatını itirib.
Hazırda alpinistlər dağdan minimum 8 kiloqram tullantı endirməyə borcludurlar və ya 4000 dollar məbləğində depozit ödəməlidirlər. Gələcəkdə bu depozitin məcburi ekoloji rüsumla əvəzlənməsi də nəzərdən keçirilir.
Qanun layihəsi qəbul edilərsə, bu, son illərdə Everestə qalxış qaydalarında ən sərt dəyişikliklərdən biri olacaq.