Filippində yük təyyarəsi qəzaya uğradı – 2 pilot öldü
Dünya
Filippinin Palavan adasında yük təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
News24.az xəbər verir ki, faciəli hadisə Koron bölgəsində yerləşən "Barangay Dekalaço" hava limanı yaxınlığında qeydə alınıb.
İlkin məlumatlara görə, qəza yerli vaxtla saat 11:00 radələrində baş verib. Təyyarənin idarəetməsini itirərək yerə çırpılması nəticəsində göyərtədə olan hər iki pilot aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Qəzadan dərhal sonra təhlükəsizlik tədbirləri çərçivəsində hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb. Hadisə yerində aparılan təmizləmə və araşdırma işləri tamamlandıqdan sonra limanın fəaliyyəti yenidən bərpa olunub.
Hazırda Filippin Mülki Aviasiya Qurumu tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır. Texniki nasazlıq və ya hava şəraiti faktorları əsas versiyalar kimi nəzərdən keçirilir.