“Əgər belə davam etsə...” – Ukrayna müharibəsi ilə bağlı təhlükəli proqnoz
Dünya
Rusiya-Ukrayna müharibəsinin həlli dalana dirənib.
News24.az xəbər verir ki, bunu istefada olan Avstraliya ordusunun generalı, hərbi analitik Mik Rayan bildirib.
O qeyd edib ki, nə cəbhədə, nə də diplomatik müstəvidə strateji dəyişiklik müşahidə olunur. Qoşunlar hücum və əks-hücumlara davam edir, tərəflər bir-birinə raket və dron zərbələri endirir, diplomatlar isə nəticəsiz görüşlər keçirirlər.
Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü yaxınlaşdığı bir vaxtda müharibənin 2026-cı ilin yazına qədər və böyük ehtimalla ondan sonra da davam edəcəyi gözlənilir.
Rayan mövcud vəziyyəti klassik hərbi dalan kimi qiymətləndirərək bildirib ki, bundan çıxışın yalnız üç mümkün yolu var. Hərbi doktrinada və ya texnologiyada ciddi sıçrayış, tərəflərdən birində siyasi çöküş, bu iki amilin birləşməsi.
Analitik xəbərdarlıq edib ki, əgər bu faktorlar nəzərə alınmasa, 2026-cı il daha genişmiqyaslı döyüşlərə, daha böyük dağıntılara və daha çox qan tökülməsinə şahidlik edə bilər.