“Hər qadın 8 uşaq dünyaya gətirməlidir” – Ukraynada demoqrafik böhran

“Hər qadın 8 uşaq dünyaya gətirməlidir” – Ukraynada demoqrafik böhran Dünya

Ukraynanın əhalisini 2022-ci ildən əvvəlki səviyyəyə qaytarmaq üçün hər bir qadının orta hesabla 8 uşaq dünyaya gətirməsi lazım gələrdi.

News24.az xəbər verir ki, bunu Kiyev Perinatal Mərkəzinin direktoru Dmitri Qovseyev bildirib.

Onun sözlərinə görə, bu göstərici ölkənin üzləşdiyi demoqrafik böhranın miqyasını nümayiş etdirir. Bununla belə, Qovseyev belə yüksək doğum səviyyəsini real hesab etmir.

Mütəxəssis düşünür ki, əhalinin əvvəlki səviyyəyə qaytarılması yalnız doğum sayının artırılmasından asılı olmayacaq. Bunun üçün xaricə gedən ukraynalıların ölkəyə qayıtması da mühüm rol oynayacaq.

Ukraynada doğum səviyyəsi artıq əhəmiyyətli dərəcədə azalıb. Əvvəllər Kiyevin kommunal doğum evlərində il ərzində 33 minə qədər doğuş qeydə alınırdısa, 2025-2026-cı illərdə bu göstərici təxminən 20 minə düşüb.

Qovseyev hesab edir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra xaricə gedən ailələrin bir hissəsi Ukraynaya qayıda bilər, lakin onun fikrincə, bütün ukraynalıların geri dönəcəyinə ümid etmək mümkün deyil.

Gənc ukraynalıların geri qayıtması xüsusi əhəmiyyət daşıyır, çünki məhz onlar ailə quraraq ölkədə doğum səviyyəsinin yüksəlməsinə töhfə verə bilərlər.

Həkim eyni zamanda vurğulayıb ki, doğum səviyyəsini artırmaq üçün yalnız maddi ödənişlər kifayət deyil. Hazırda insanların uşaq sahibi olmaq qərarına təsir edən əsas amil təhlükəsizlikdir. Bundan sonra isə iş imkanları və normal həyat üçün şərait gəlir.