İranın Gürcüstanla bağlı xəbərdarlığı regionu silkələdi: Müharibəyə yeni ölkə qoşulur?

İranın Gürcüstanla bağlı xəbərdarlığı regionu silkələdi: Müharibəyə yeni ölkə qoşulur? Dünya

İranın Gürcüstandakı səfiri Seyid Əli Mucani tərəfindən səsləndirilən ABŞ ilə bağlı xəbərdarlıq Cənubi Qafqazın həssas geosiyasi balansını yenidən gündəmə gətirib. Vaşinqton və Tbilisi arasındakı təmasların intensivləşməsi fonunda Tehranın regiondakı prosesləri yaxından izləməsi "Gürcüstan münaqişəyə cəlb oluna bilərmi?" sualını aktuallaşdırıb.

Mövzu ilə bağlı News24.az-ın suallarını cavablandıran politoloq Turan Rzayev bildirib ki, İranın hazırkı strategiyası əsasən öz təhlükəsizliyinə birbaşa təhdid gördüyü nöqtələrə fokuslanıb.

Politoloqun sözlərinə görə, Tehran indiyədək həyata keçirdiyi hücumlarda əsasən ABŞ-nin hərbi mövcudluğunun olduğu əraziləri hədəf alıb. Lakin Gürcüstanla bağlı ssenarilər hazırkı reallıqlarla üst-üstə düşmür:

"Gürcüstanla bağlı səsləndirilən iddialar inandırıcı görünmür. Doğrudur, Tbilisi və Vaşinqton arasında əvvəllər daha sıx münasibətlər mövcud idi, lakin hazırkı hakimiyyət dövründə müəyyən məsafə yaranıb. Bu siyasi konyuktura Gürcüstanın İrana qarşı bir hücum platformasına çevrilməsi ehtimalını minimuma endirir".

Turan Rzayev vurğulayıb ki, İranın Gürcüstana hər hansı zərbə endirməsi strateji baxımdan Tehrana heç bir üstünlük qazandırmaz, əksinə, yeni və ciddi risklər yaradar:

"Gürcüstanda İrana simpatiya bəsləyən müəyyən qrupların olması Tehranın qərarvermə prosesində nəzərə aldığı amillərdəndir. Nəzəri olaraq belə bir hücum ssenarisi regionun digər ölkələrinin hava məkanından istifadəni tələb edir ki, bu da diplomatik böhran deməkdir. Hazırkı Gürcüstan rəhbərliyinin ehtiyatlı siyasəti ölkənin hərbi qarşıdurma poliqonuna çevrilməsinə imkan vermir".

Politoloq sonda qeyd edib ki, Gürcüstana mümkün hücumla bağlı yayılan versiyalar daha çox ehtimal xarakterlidir və mövcud geosiyasi şəraitdə real əsası yoxdur.