İsrail buna görə üzr istədi- Foto

İsrail buna görə üzr istədi- Foto Dünya

İsrailin xarici işlər naziri Gideon Saar Livanın cənubunda israilli hərbçi tərəfindən İsa Məsihin heykəlinin sındırılması hadisəsini kəskin şəkildə tənqid edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu hərəkəti “rüsvayçı” adlandıraraq onun yəhudi dövlətinin əsas dəyərlərinə zidd olduğunu bildirib. Saar həmçinin İsrail adından bütün xristian dünyasından rəsmi şəkildə üzr istəyib.

Xarici işlər naziri günahkar şəxsin müəyyən edilərək qanuna uyğun və sərt şəkildə cəzalandırılacağına əminliyini ifadə edib. O vurğulayıb ki, belə davranış qəbuledilməzdir və İsrail dövlətinin rəsmi mövqeyini əks etdirmir.

“Bu rüsvayçı əməl bizim dəyərlərimizə tamamilə ziddir”, – deyə Saar “X” sosial şəbəkə hesabında yazıb.

O, həmçinin İsrailin hər zaman bütün dinlərə və onların müqəddəs simvollarına hörmət edən, dinlərarası dialoq və tolerantlığı təşviq edən bir dövlət olduğunu xatırladıb. Nazirə görə, bir əsgərin hərəkəti bu prinsiplərə kölgə salmamalıdır.

Hazırda İsrail Müdafiə Qüvvələri hadisə ilə bağlı daxili araşdırma aparır. Hərbçinin kimliyi açıqlanmır. Yoxlamanın nəticəsindən asılı olaraq intizam və ya cinayət məsuliyyəti tədbirlərinin görüləcəyi gözlənilir.

Livan tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

İsrail buna görə üzr istədi- Foto