İstanbulda minlərlə tikili sökülür: siyahıda məşhurların da əmlakı var
Dünya
İstanbulun ən prestijli rayonlarında, Boğaz boyunca yerləşən 4 mindən çox tikilinin sökülməsi ilə bağlı qərar qəbul edilib.
News24.az xəbər verir “Sözcü” qəzetinin yazdığına görə, siyahıda məşhurların, sənətçilərin və tanınmış iş adamlarının əmlakları da var.
İstanbul Böyükşəhər Bələdiyyəsinə tabe olan Boğaz Şəhərsalma İdarəsi Sarıyer, Beşiktaş, Üsküdar və Beykoz rayonlarında ümumilikdə 4141 obyektin sökülməsinə hazırlıq görür.
Söhbət Boğazın xüsusi qorunan ərazisində şəhərsalma qaydalarına zidd və ya qanunsuz hesab edilən tikililərdən və əlavə konstruksiyalardan gedir. Buna görə də söküntülərin əsasən qanunsuz artırmalar, verandalar, qarajlar və digər əlavələrə şamil olunacağı bildirilir.
Ən çox qanunsuz obyekt Sarıyer rayonunda – 1982 ədəd qeydə alınıb. Beşiktaşda isə 544 belə obyekt müəyyən edilib.
Siyahıda tanınmış türk aktrisa, müğənni və teleaparıcı Hülya Avşarın əmlakı da yer alır. Həmçinin Türkiyənin ən böyük biznes ailələrindən olan Sabancı, Koç və Ulusoy ailələri ilə əlaqəli obyektlərin də söküləcək tikililər arasında olduğu bildirilir.
Söküntü işləri üzrə tender 22 sentyabrda keçiriləcək. Tenderin qalibi müəyyənləşdikdən sonra söküntü işlərinə başlanılacaq.