Kompakt disk texnologiyasının ixtiraçısı vəfat etdi

Kompakt disk texnologiyasının ixtiraçısı vəfat etdi Dünya

Kompakt disklər (CD) və DVD texnologiyalarının əsasını təşkil edən ixtiraların müəllifi, amerikalı fizik və ixtiraçı Ceyms T. Rassel 95 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə “Seattle Times” qəzeti onun ailəsinə istinadən məlumat yayıb.

Alimin yaxınlarının sözlərinə görə, o, bu ilin payızında Vaşinqton ştatının Belvyu şəhərində dünyasını dəyişib. Ölümünün dəqiq tarixi açıqlanmayıb.

Qeyd edək ki, Ceyms T. Rassel vinil vallardakı xışıltı və cızıltı səsləri olmadan musiqi dinləməyin yolunu axtarıb. O, səsin rəqəmsal formatda yazılmasını və məlumatların işıq şüası vasitəsilə oxunmasını təklif edib.

Rasselin baş elmi işçi kimi çalışdığı “Battelle” şirkətinin rəhbərliyi əvvəlcə bu ideyaya şübhə ilə yanaşsa da, sonradan ona təcrübələr aparmaq üçün maliyyə vəsaiti ayırıb. Nəticədə kompakt disk və DVD pleyerlərinin yaradılmasına zəmin yaranıb.

1970-ci ildə ABŞ Patent İdarəsi bu sistemə patent verib. Daha sonra “Sony” və “Philips” şirkətləri alimin ixtiralarından istifadə etmək üçün lisenziya əldə ediblər.

Ceyms T. Rassel həyatı boyu 70-dən çox patentin müəllifi olub.