Kreml geri çəkilmir, Kiyev razılaşmır – müharibə uzanır?
Dünya
Mövcud sülh variantları elə şərtlər irəli sürür ki, onlarla nə Ukrayna, nə də Rusiya razılaşa bilər.
News24.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sabiq əməkdaşı İvan Stupak bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflərdən heç biri kompromisə hazır deyil. Stupak qeyd edib ki, əgər “Plan A” – müharibəni bu il bitirmək variantı – baş tutmasa, Ukraynanın döyüş əməliyyatlarının davam edəcəyi halda “Plan B”si olmalıdır.
“Bu gün şərtlər elədir ki, Ukrayna onlara razılaşa bilməz. Amma Rusiya da öz tələblərindən imtina etməyə hazır deyil”, – o vurğulayıb.
Ekspert əlavə edib ki, Rusiya ictimai şəkildə müharibəni davam etdirməyə hazır olduğunu nümayiş etdirsə də, onun imkanları sonsuz deyil.
“Qısa müddət üçün – təxminən yarım il – onlar hələ döyüşə bilərlər. Amma söhbət bir ildən gedirsə, bu artıq çətin olacaq”, – Stupak bildirib.
Onun fikrincə, Kreml “əliboş” geri qayıtmağa hazır deyil, çünki bu, Vladimir Putin üçün məğlubiyyətə bərabər olardı.
Ekspertin əsas qənaəti belədir ki, Rusiyaya ciddi təzyiq göstərilmədən tərəflərdən heç biri hazırkı sülh şərtlərinə razılaşmayacaq.