Məşhur aktyor evinin həyətində ölü tapıldı

Məşhur aktyor evinin həyətində ölü tapıldı Dünya

Məşhur amerikalı aktyor, daha çox “Top Qan: Maverik” və “Cumanci” filmlərindəki rolları ilə tanınan Ceyms Hendi Los-Ancelesdə öldürülüb.

News24.az xəbər verir ki, o, 81 yaşında bıçaq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Aktyor sevgilisinin oğlu tərəfindən öldürülüb.

Cinayətlə bağlı polisə hadisəni törədən 44 yaşlı şübhəli Maykl Qledhill özü məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları Ceyms Hendini evin qarşısındakı çəmənlikdə huşsuz vəziyyətdə aşkar ediblər.

Aktyorun döş qəfəsində çoxsaylı bıçaq yaraları olub. O, təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qatil - 44 yaşlı şübhəli Maykl Qledhill qısa müddət gizləndikdən sonra küçədə polis əməkdaşlarına könüllü təslim olub.

İstintaqın məlumatına əsasən, o, anası və Ceyms Hendi ilə eyni evdə yaşayırmış. Qətlin motivi hələlik məlum deyil.

Qledhilli üçün 2 milyon dollar məbləğində girov müəyyən edilib.

Qeyd edək ki, Ceyms Hendin kino karyerasına 1977-ci ildə başlayıb və təxminən yarım əsr davam edən fəaliyyəti ərzində kino və televiziya sahəsində 150-yə yaxın rolda çəkilib. /The California Post/