Məşhur müğənni ilə "Samsung" arasında 15 milyonluq məhkəmə

Məşhur müğənni ilə "Samsung" arasında 15 milyonluq məhkəmə Dünya

Dünyaca məşhur müğənni Dua Lipa ABŞ ərazisində televizorların reklamı üçün şəklinin qanunsuz istifadəsinə görə texnologiya nəhəngi “Samsung”u məhkəməyə verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 may tarixində Kaliforniya federal məhkəməsinə təqdim olunan məhkəmə sənədlərinə əsasən, şirkət müğənninin fotosunu onun razılığı, icazəsi və ya hər hansı maddi ödəniş olmadan televizor qutularının üzərində yerləşdirib.

“Xanım Lipanın siması onun xəbəri olmadan, kompensasiya ödənilmədən və onun tərəfindən hər hansı söz haqqı, nəzarət və ya iştirak olmadan istehlak məhsulunun genişmiqyaslı marketinq kampaniyasında aktiv şəkildə istifadə edilib”, - deyə iddiada bildirilib.

Məhkəmə materiallarında qeyd edilib ki, süni şəkildə Dua Lipanın bu məhsulu dəstəklədiyi təəssüratı yaradılıb və bu da alıcıları məhz onun görüntüsünə görə həmin televizorları almağa sövq edib.

Müğənninin hüquqşünasları vurğulayıblar ki, sənətçi belə istifadəyə icazə verməyib və heç vaxt da verməzdi.

30 yaşlı “Grammy Awards” mükafatı laureatı ən azı 15 milyon dollar təzminat, həmçinin onun şəkli olan televizorların satışından əldə edilən gəlirin verilməsini tələb edib.

Müğənninin nümayəndələrinin sözlərinə görə, o, hüquqlarının pozulduğunu hələ 2025-ci ilin iyun ayında öyrənib. Bundan sonra onun komandası “Samsung” şirkətinə görüntünün istifadəsinin dayandırılması tələbi ilə rəsmi müraciət göndərib. Lakin iddiada qeyd olunduğu kimi şirkət xəbərdarlıqlara məhəl qoymayıb.

Onlar həmçinin iddia edirlər ki, müğənninin şəkli olan məhsullar hələ də satışdadır.

Sənətçinin hüquq komandası hesab edir ki, “Samsung” onun dünya miqyasında tanınmasından, nüfuzundan və kommersiya cəlbediciliyindən qəsdən istifadə edib.

“Samsungun xanım Lipanın imicindən heç bir kompensasiya ödəmədən istifadə etməsi onun uğurlu brend yaratmaq üçün illərlə çəkdiyi zəhməti məsxərəyə çevirir”,-deyə iddiada vurğulanıb.

Məşhur müğənni ilə "Samsung" arasında 15 milyonluq məhkəmə