Meymunlar Tac-Mahal ərazisini “ələ keçirdi”

Meymunlar Tac-Mahal ərazisini “ələ keçirdi” Dünya

Hindistanın Aqra şəhərində yerləşən Tac-Mahal məqbərə-məscidinin ərazisini meymunlar “ələ keçirib” və turistlərə hücum etməyə başlayıblar.

News24.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Meymunlar məşhur abidənin şərq, qərb və kral qapıları ətrafında toplaşıblar.

Bildirilib ki, noyabrın 20-də onlar iki turistə hücum edərək dişləyiblər. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Meymunların dişlədiyi daha bir neçə turistə isə hadisə yerində tibbi yardım göstərilib.

Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, Tac-Mahalın ətrafını yüzlərlə meymun əhatə edib və vəziyyət yerli hakimiyyət orqanlarının nəzarətindən çıxıb.

Telekanalın məlumatına görə, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidənin idarə olunmasına cavabdeh qurumlar arasında koordinasiyanın olmaması meymunlarla bağlı problemin həllini daha da çətinləşdirib.

Turistlərə heyvanlardan təhlükəsiz məsafədə dayanmaq, onların yanında foto çəkməmək və gözlərinə birbaşa baxmamaq tövsiyə olunur. Həmçinin ziyarətçilərdən qida məhsullarını, su butulkalarını, gün eynəklərini və mobil telefonlarını gizlətmələri xahiş edilib.