"Müharibə qlobal müstəviyə keçəcək, Cənubi Qafqaz isə.." - Siyasi ekspert
Dünya
Hazırda dünya gündəmini zəbt edən əsas məsələ İsrail-HƏMAS müharibəsidir. Artıq bu müharibə qanlı mərhələyə keçib. Oktyabrın 7-də ilk hücum edən HƏMAS olsa da, hazırda üstünlük İsrail tərəfdədir. Qəzza sektorunda xəstəxanaya vəhşi terror hücumu həyata keçirilib.
İsrailin Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasına həyata keçirdiyi və yüzlərlə insanın həyatını itirdiyi hücum bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən pislənilib. Netanyahu isə hücumu İsrailin etmədiyini söyləyib.
İsrail hədəfini açıq şəkildə bəyan edir. Baş nazir Benyamin Netanyahu ölkəsinin HƏMAS-ı məğlub edəcəyinə əmin olduğunu, HƏMAS-ı məhv edəcəklərini deyir.
Bu kontekstdə beynəlxalq müstəvidə müəyyən suallar müzakirə edilir: İsrailin HƏMAS-ı məhv edəcəyi təqdirdə nə olacaq? İsraili Qəzzada nə gözləyir? Cəbhələr böyüyəcək? Və ən əsası toqquşmanın qlobal müstəviyə keçmə ehtimalı risk olaraq qalmaqdadır.
Politoloq Elxan Şahinoğlu News24.az-ın suallarını cavablandırıb.

"Yaxın Şərqdəki müharibənin genişlənməsi təhlükəsi var. İsrail terror hücumuna məruz qaldı, intiqam əməliyyatı həyata keçirir. Bu zaman mülki insanlar arasında həlak olanların sayı artır. Bu da müxtəlif dünya ölkələrinin İsrailə qarşı etirazına səbəb olur. Dünya özü də bir neçə hissəyə bölünüb. Amerika, Avropa İsraili dəstəkləyir, Rusiya,Çin Türkiyə isə fərqli mövqedən çıxış edir. Fələstinin müstəqilliyinin lazım olduğunu bildirirlər. Çin hətta vasitəçi olmaq istədiyi üçün sərt bəyanat səsləndirmədi. Bu da Çinə səfər edən amerikalı senatorların narazılığına səbəb oldu. Rusiya və Türkiyə də Fələstinin müstəqilliyinin vacib olduğunu bildirirlər. Türkiyə ilk gündən balanslı mövqedən çıxış etməyə çalışırdı, amma Qəzza bölgəsi bombalandıqca Türkiyənin İsrailə münasibəti sərtləşir.
İsrail quru əməliyyatı həyata keçirsə, HƏMAS-a zərbə endirəcək.İsrail buna hazırlaşa bilər, amma quru əməliyyat zamanı hədəflərə çatacağı şübhə doğurur. Çünki HƏMAS-ı tam yox edə bilməyəcək. HƏMAS tunellər vasitəsilə küçə döyüşlərinə tam hazırdır. Üstəgəl, daha sonra onsuz da İsrail ordusu Qəzza bölgəsini tərk etməli olacaq”.
Politoloq bildirib ki, məsələlərin yeganə həll yolu İsrailin Fələstini müstəqil dövlət kimi tanımasıdır: “Lakin hazırda bu, mümkün deyil. Eyni zamanda İsrailin başında mühafizəkar siyasətçi - Netanyahu dayanır.

O, hələ də intiqam hissi ilə yaşayır. Əslində İsrail bu cür terrorla ilk dəfədir üzləşir. Hizbullah da bir yandan İsraili raket zərbəsinə tutur. İsrail həm Hizbullah və HƏMAS-la döyüşləri davam etdirir, həm də Suriyaya zərbələr endirir. Belə davam etsə, İrana da zərbələr endirilə bilər. Bu halda müharibə genişlənəcək”.
E.Şahinoğlu hesab edir ki, münaqişə Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Həmçinin Türkiyə-İsrail münasibətlərini yenidən korlanması Azərbaycanın maraqlarına cavab vermir.
“İrana zərbələr endirilsə, orada xaos yarana bilər. Qaçqın axını ilə üzləşə bilərik. Bu isə bizdə humanitar böhranın yaranmasına səbəb olacaq.
Amerikanın özü də bu gedişatdan narahatdır. Müharibəni lokallaşdırmağa çalışır. İsrailə təsir edir ki, quru əməliyyatını bir qədər təxirə salsın. İsrail Fələstini müstəqil ölkə kimi tanımayana qədər bu münaqişələr davam edəcək. HƏMAS mülki insanların arxasında gizlənir. İsrail də buna baxmadan Qəzzanı bombalayır. Bir HƏMAS yaraqlısı öldürülürsə, bununla yanaşı 5-10 günahsız insan da öldürülür.
Və o, öldürülənlərin də qohumları HƏMAS-a qoşulur. Belə olduğu təqdirdə münaqişə davamlı bir hal alır”.
Politoloqun sözlərinə görə, böyük dövlətlər təmas qrupunun yaradılmasına çalışmalıdırlar.
“İsrail və Fələstinlə danışıqlar başlamalıdır. Fələstinin tanınması, Qüds şəhərinin necə bölünəcəyi, İsrailə təhlükəsizlik təminatının verilməsi dəqiqləşdirilməlıidir. İran kimi dövlətlər "İsrail adlı dövlət olmamalıdır" deyərək təxribatçı mövqelərini davam etdirir. Belə olan halda təbii ki, İsrail mübarizədən əl çəkən deyil”, - deyə o fikrini yekunlaşdırıb.
Ayşən Rəhim