Müharibədən sonra Qəzzanın taleyi necə olacaq? - SENSASİON AÇIQLAMA
Dünya
İsrailin Qəzzaya hücumları mövcudluq müharibəsi ilə müqayisə edilir.
News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
Oktyabrın 7-də baş verən hücumlardan sonra İsrail HƏMAS-ı məhv etməyi əsas məqsəd kimi seçib. Ancaq bu, çox çətin bir məqsəddir. Bunun nə dərəcədə real olması da müzakirə mövzusudur.
Müharibədən sonra nə baş verəcək?
Mütəxəssislər vurğulayırlar ki, “Müsəlman Qardaşlar”ın bir qolu olan HƏMAS-ın ideologiyasını məhv etmək çətindir. HƏMAS-ı məhv etmək əvəzinə zəiflətməyin daha real plan olduğu bildirilib.
İsrail administrasiyasının HƏMAS-ın məhv edilməsindən sonra Qəzzanın gələcəyi ilə bağlı planının olmadığı anlaşılıb.
Britaniyanın ictimai yayımı olan BBC-nin saytında dərc olunan təhlildə İsrail rəsmilərinin bu məsələ ilə bağlı amerikalı həmkarlarını məlumatlandırmaqda çətinlik çəkdiyi qeyd edilib.
Bəzi ehtimallara görə, variantlardan biri Qəzzalıların Misirin Sinay yarımadasına köçürülməsidir.
Əvvəlcə Sinayın şimalında çadır şəhərciklərinin yaradılması, daha sonra isə daimi yaşayış məntəqələrinin yaradılması planlaşdırılır. Lakin Misir və İordaniya bu plana qəti şəkildə qarşı çıxıb.
Misir prezidenti Əbdülfəttah əs-Sisi milyonlarla misirlinin Qəzzalıların Sinaya köçürülməsi cəhdinə qarşı küçələrə çıxaraq etiraz aksiyaları keçirəcəkləri ilə hədələyib.
Britaniyanın BBC telekanalı bildirib ki, HƏMAS məhv edildikdən sonra BMT müvəqqəti olaraq bölgədə idarəçiliyi öz üzərinə götürə bilər. Xatırladaq ki, 1999-cu ildə Serbiya qüvvələrinin çıxarılmasından sonra Kosovoda idarəçiliyi BMT öz üzərinə götürmüşdü.
Digər variant isə Misir, ABŞ, Fələstin Muxtariyyəti və digər ərəb ölkələrinin dəstəyi ilə Qəzzanın bələdiyyə sədrləri, qəbilə liderləri və qeyri-hökumət təşkilatları tərəfindən idarə olunmasıdır. Müharibədən sonra Qəzzanın dağılmış infrastrukturunun yenidən qurulmasının lazım olacağı da qeyd edilib.
Ülkər Abdurahmanlı