NATO-da maraqlı statistika: Müdafiə xərclərini azaldan tək ölkə ABŞ oldu
Dünya
2014-cü ildən bu yana NATO üzvü olan ölkələrin hərbi xərclərində kəskin artım müşahidə olunur. Son hesabatlar alyansın müdafiə büdcəsinin strukturunda ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyur.
News24.az xəbər verir ki, 2014–2025-ci illər aralığında NATO-nun ümumi hərbi xərcləri 38 faiz artıb. Bu artım fonunda müttəfiqlərin yük bölgüsündə də əhəmiyyətli yerdəyişmələr qeydə alınıb.
Əvvəlki illərdən fərqli olaraq, hazırda müdafiə xərclərinin artırılmasında Avropa dövlətləri və Kanada aparıcı rol oynayır. Statistikaya əsasən, ABŞ istisna olmaqla digər üzv ölkələrin ümumi xərclərdəki payı 2014-cü ildəki 27 faizdən, 2025-ci ildə 41 faizə yüksəlib. Xüsusilə son iki ildə bu ölkələrin müdafiə büdcələrində 19 faizdən çox artım qeydə alınıb.
Hesabatda ən diqqətçəkən məqamlardan biri ABŞ ilə bağlıdır. Belə ki, ABŞ Ümumi Daxili Məhsulda (ÜDM) müdafiə xərclərinin payını azaldan yeganə NATO ölkəsi kimi tarixə düşüb. Buna baxmayaraq, digər müttəfiqlərin əksəriyyəti alyansın qarşıya qoyduğu strateji hədəfə - ÜDM-in ən azı 2 faizinin hərbi xərclərə ayrılması planına nail olublar.