Oğruların “3 dəqiqəlik əməliyyatı”: milyonlarla avroluq rəsmlər geri qaytarıldı

Oğruların “3 dəqiqəlik əməliyyatı”: milyonlarla avroluq rəsmlər geri qaytarıldı Dünya

İtaliyanın şimalında, Parma yaxınlığındakı “Maqnani-Rokka” fondunun villasından mart ayında oğurlanan Renuar, Sezan və Matissin ümumi dəyəri 10,4 milyon dollardan (8,9 milyon avro) çox olan əsərləri tapılaraq geri qaytarılıb.

News24.az xəbər verir ki, bu barədə İtaliya polisi məlumat yayıb.

Rəsmlərdən ibarət kolleksiyanın oğurlanması üç dəqiqədən də az vaxt çəkib.

Parma polisinin rəhbəri Andrea Palyao bildirib ki, istintaq Moldovadan olan 9 şübhəli şəxsə qarşı aparılır. Onlardan 5-i oğurluqda ittiham olunur.

Polisin yaydığı görüntülərdə üzü bağlı və başlarına fənər taxmış iki şəxsin pəncərəni sındıraraq villaya daxil olduğu görünür. Onlar birbaşa üç rəsmin yerləşdiyi otağa gedərək əsərləri divardan çıxarıb, daha sonra pəncərəyə qayıdaraq rəsmləri çöldə gözləyən digər şəxsə veriblər.

Oğrular Ogüst Renuarın “Balıqlar”, Pol Sezanın “Gilaslı natürmort” və Anri Matissin “Terrasda odaliska” əsərlərini aparıblar.

Polisin məlumatına görə, Renuarın əsəri 3 milyon avro, Sezanın tablosu 6 milyon avro, Matissin əsəri isə təxminən 20 min avro dəyərində qiymətləndirilib.

Polis rəhbəri Palyaonun AFP-yə verdiyi məlumata görə, oğurlanmış rəsmlər şübhəlilərdən birinin evində tapılıb.

Parma şəhərindən 20 kilometr aralıda yerləşən “Maqnani-Rokka” fondunda sənətşünas Luici Maqnaninin kolleksiyası saxlanılır. Kolleksiyada Dürer, Rubens, Van Deyk, Qoya və Monenin əsərləri də var.

Bu oğurluq Avropanın muzeylərinə qarşı son dövrlərdə törədilən silsilə hücumların növbəti epizodu olub.

Xatırladaq ki, ötən ilin oktyabrında oğrular Parisdəki Luvr muzeyinə günün günorta çağı daxil olaraq 8 dəqiqədən az müddətdə 88 milyon avro dəyərində zinət əşyalarını oğurlayıblar.