Paşinyandan Azərbaycanla bağlı etiraf: “Münasibətlərdə əvvəlki yanlış mövqe…”

Paşinyandan Azərbaycanla bağlı etiraf: “Münasibətlərdə əvvəlki yanlış mövqe…” Dünya

“Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır”.

News24.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramının təqdimatı zamanı səsləndirib.

Onun sözlərinə görə, regionallaşma balanslı xarici siyasətin formalaşmasında əsas rol oynayır və bu siyasətin başlıca məqsədi Ermənistanın yalnız yaşamaq deyil, həm də xarici dəstək olmadan öz mühitində rahat inkişaf etməsini təmin etməkdir.

Bu baxımdan Gürcüstan, İran, Türkiyə və Azərbaycan ilə münasibətlərin inkişafı böyük əhəmiyyət daşıyır və partiya bu istiqamətdə irəliləyəcək.

Paşinyanın fikrincə, regional əməkdaşlıq çərçivəsində nəqliyyat infrastrukturunun tam şəkildə blokdan çıxarılması vacibdir. Buraya TRIPP layihəsinin həyata keçirilməsi və Gümrü–Qars dəmir yolunun istifadəyə verilməsi daxildir ki, bu da bölgədə sülh və əməkdaşlığı daha da gücləndirə bilər.

Baş nazir həmçinin qeyd edib ki, İrəvanın Bakı və Ankara ilə münasibətlərdə əvvəlki yanlış mövqeyi uzun illər regionda sülhün bərqərar olmasına mane olub.

Bundan əlavə, o vurğulayıb ki, Ermənistan regionallaşmanın praktik həyata keçirilməsi üçün “3+3” formatının inkişafına böyük önəm verir və bu istiqamətdə öz töhfəsini verməyə hazırdır.