Paşinyan 9 may çıxışını Azərbaycana həsr etdi

Paşinyan 9 may çıxışını Azərbaycana həsr etdi Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan "9 May Böyük Vətən Müharibəsi" sözlərini qeyd etmədən “Qələbə və Sülh Günü” adlandırıb.

News24.az xəbər verir ki, o, 9 May münasibətilə təbrik müraciətində faşizm üzərində Qələbənin 81-ci ildönümünü dünyanın mürəkkəb beynəlxalq şəraitdə qarşıladığını bildirib.

Bununla yanaşı, Paşinyan Ermənistanın 2026-cı ilin 9 Mayını Azərbaycanla bərqərar olmuş sülh şəraitində qeyd etdiyini və bunu ən mühüm nailiyyət saydığını qeyd edib.

“Faşizmin bəşəriyyətə gətirdiyi fəlakətləri unutmamalı və bu hadisəni bütün təzahürlərində qınamalıyıq. Bu gün biz bəşəriyyəti faşizmdən xilas etmək uğrunda həyatlarını qurban verənlərin xatirəsi qarşısında baş əyir və faşizmə qarşı mübarizə aparmış bütün ölkələrə və insanlara ehtiramımızı bildiririk”, – deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, artıq iki ildir Ermənistan sərhədində atışma yoxdur, heç kim həlak olmur və ya yaralanmır, sərhədyanı yaşayış məntəqələrində əhali sakit şəraitdə yaşayır.

Onun fikrincə, hakimiyyətin vəzifəsi əldə olunmuş sülhü qorumaq və onu hər gün daha da möhkəmləndirməkdir.

“Bərqərar olmuş sülh ölkəmizi misilsiz təhlükəsizlik, rifah və inkişaf səviyyəsinə çıxarmaq üçün tarixi imkandır”, – deyə Paşinyan qeyd edib. Onun sözlərinə görə, Ermənistan bu yolda inamla irəliləyir.

Qeyd edək ki, Paşinyan 9 May münasibətilə Moskvada keçirilən Qələbə Parkında iştirak etməyib. O, hazırda məzuniyyətdədir və 7 iyuna təyin edilmiş parlament seçkiləri çərçivəsində seçkiqabağı kampaniyada iştirak edir.