Polis tərk edilmiş qayığa girdi, qarşısına çıxan mənzərə şoka saldı

Polis tərk edilmiş qayığa girdi, qarşısına çıxan mənzərə şoka saldı Dünya

ABŞ-nin Vaşinqton ştatının Takoma şəhərində polis tərk edilmiş yelkənli qayıqda 60 pişik aşkar edib.

News24.az xəbər verir ki, hadisədən altı gün əvvəl polis Ouven çimərliyi yaxınlığında bir müddətdir lövbərdə dayandığı ehtimal olunan təxminən 12 metrlik qayıq görüb. Gəmidə cinayət törədilə biləcəyindən şübhələnən əməkdaşlar onu yoxlamaq qərarına gəliblər, lakin qarşılaşdıqları mənzərə gözlənilməz olub: qayığın içərisində 60 pişik yaşayırmış.

Polis məsələni heyvanların saxlanma şəraiti ilə bağlı mümkün cinayət işi kimi araşdırır. “CBS News”un məlumatına görə, Takomada bir evdə ən çox altı heyvan saxlamağa icazə verilir.

İstintaqçılar bunun patoloji heyvan toplama halı ola biləcəyini düşünürlər. Polis qayıqdakı şəraitin pis olduğunu, pişiklərin bir çoxunun qorxmuş və arıq vəziyyətdə olduğunu bildirib.

Qayığın sahibi müəyyən edilib, lakin onunla hələ əlaqə saxlanılmayıb. Gəmi şəxsi mülkiyyətdə olduğundan heyvanların müdafiəsi xidmətinin əməkdaşları əvvəlcə axtarış üçün məhkəmə orderi almalı olub. Bundan sonra heyvan hüquqları müdafiəçiləri polislə birlikdə qayığa daxil olublar. Pişiklər daha sonra sığınacağa yerləşdirilib.