Polşa vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyanı tərk edin

Polşa vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyanı tərk edin Dünya

Polşa hakimiyyəti Rusiyada yaşayan vətəndaşlarının diplomatik yardım ala bilməyəcəyi ilə bağlı narahatlığını ifadə edib.

News24.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi və Polşanın Moskvadakı səfirliyi Polşa vətəndaşlarını həyat şəraitləri və işləri imkan verərsə, Rusiya Federasiyasının ərazisini tərk etməyi ciddi şəkildə nəzərdən keçirməyə çağırıb.

Nazirlik bütün mövcud kommersiya və ya şəxsi nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edir. Həmçinin Polşa vətəndaşlarına zəruri hallar istisna olmaqla Rusiyaya səfərlərdən çəkinmək məsləhət görülür.

Polşalı diplomatlar bildiriblər ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar baş verərsə, təxliyə xeyli çətinləşə və hətta mümkün olmaya bilər.

Qeyd edək ki, Polşa ilə Rusiya arasında baş konsulluqların bağlanması prosesi 2024-cü ilin oktyabrından başlayıb. Ötən ilin sonunda Rusiyanın Qdansk şəhərindəki və Polşanın İrkutskdakı baş konsulluqları fəaliyyətini dayandırıb. Nəticədə hazırda hər iki ölkədə yalnız paytaxtlardakı səfirliklər fəaliyyət göstərir.

Varşava bildirir ki, bu səbəbdən Polşa vətəndaşları Rusiyanın böyük hissəsində faktiki olaraq konsulluq yardımına çıxış imkanından məhrum qalıb.

İkitərəfli münasibətlərin kəskinləşməsinə səbəb olan hadisələrdən biri də rusiyalı arxeoloq, Ermitaj Muzeyinin əməkdaşı Aleksandr Butyaqinin Polşada saxlanılması olub. O, Niderlanddan Balkanlara tranzit keçərkən həbs edilib.

Ukrayna hakimiyyəti Butyaqini ilhaq olunan Krım ərazisində qanunsuz qazıntılar aparmaqda ittiham edir. Rusiya tərəfi isə bu həbsi sərt reaksiya ilə qarşılayıb. Varşava cavab addımı olaraq Polşa vətəndaşlarının saxlanıla biləcəyindən ehtiyat etdiyini gizlətmir.