Priqojinin təyyarəsi qəzaya uğrayanda - PUTİN HARADA OLUB?
Dünya
"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğradığı vaxt Rusiya Prezidenti Vladimir Putin Kursk döyüşlərinin 80-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
News24.az RTV-yə istinadən xəbər verir ki, istər mərasimə gəlişi, istərsə də çıxışı zamanı onun əhvalının yüksək olması nəzərdən qaçmayıb.
Çıxışında bir sıra maraqlı məqamlara toxunan Kreml rəhbəri nitqinin böyük hissəsini Rusiyanın millətçilərlə mübarizəsinə həsr edib. Vurğulayıb ki, bu dəfəki hərbi hərəkat Ukrayna hakimiyyətində təmsil olunan nasistlərə qarşıdır.
V. Putin Böyük Vətən müharibəsində olduğu kimi bu dəfə də millətçilərin niyyətinin iflasa uğrayacağına inandığını bəyan edib:
"Eynilə Böyük Vətən müharibəsi illərində olduğu kimi, bu gün də müharibənin ağırlığı ön xətdəki taqım və alaylardakı çavuşların, batalyon komandirlərinin, atıcı, minaaxtaran və kəşfiyyatçıların, rabitəçilərin, tanklarda və döyüş maşınlarında xidmət edən heyətlərin, artilleriyaçıların və pilotların üzərinə düşür. Döyüşçülərimiz cəsarət və qətiyyətlə mübarizə aparır. Xüsusi hərbi əməliyyatın iştirakçılarını Vətənə və hərbi anda sədaqət duyğuları birləşdirir. Kursk döyüşünə gəlincə, Hitler burada Stalinqraddakı məğlubiyyətə görə revanşa, eləcə də tank diviziyaları və Reyxstaqa tabe olan birləşmələrin gücünə ümid edirdi. İnanırdı ki, ordusu cəbhəni yararaq yenidən Şərqə istiqamətlənəcək. Lakin onlar əsgərlərimizin, komandirlərimizin, bütövlükdə Qızıl ordunun döyüşlərdə bərkiyən mətanəti və şücaəti ilə qarşılaşdılar. Millətçilərin hücumu iflasa uğradı. Onları sürükləyib artıq qaçılmaz olan süquta yuvarladıq. Kurs döyüşü demək olar ki, iki ay davam etdi. Proxorovka ətrafındakı genişmiqyaslı tank döyüşü onun ən əhəmiyyətli hadisəsi oldu”.
Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri, 62 yaşlı Yevgeni Priqojin 23-24 iyun tarixlərində Rusiya hakimiyyətinə qarşı qiyam qaldırıb. Hadisə ilə bağlı Rostov, Voronej, Lipetsk və Moskva ətrafına təhlükəsizlik qüvvələrinin çoxsaylı əməkdaşları cəlb olunub.
Faktla bağlı cinayət işi açılıb. İstintaq dərhal Y. Priqojin və digər "vaqnerçilərin" həbsinə qərar verib.
İyunun 24-də Belarus prezidenti Aleksandr Lukaşenko həm Yevgeni Priqojin, həm də Rusiya lideri ilə danışıqlar aparıb.
Həmin gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlar zamanı cinayət işinin icraatının dayandırılması, eləcə də Y. Priqojinin Belarusa gedişinə imkan yaradılmasına dair razılıq əldə olunub.
İyulun 26-da isə V. Putin açıqlayıb ki, "Vaqner" döyüşçülərinin ölkəni tərk etməsinə əngəl yaradılmayacaq.
Xatırladaq ki, Y. Priqojinin də göyərtəsində olduğu "Embrayer Legacy" təyyarəsi avqustun 23-də axşam saatlarında Moskvadan Sankt-Peterburqa hərəkət edərkən qəzaya uğrayıb.
Nəticədə 10 nəfər həlak olub.