Qazaxıstanda uşaqlara sosial media qadağan edilir
Dünya
Qazaxıstanda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan edən qanun layihəsi hazırlanıb.
News24.az xəbər verir ki, bu barədə “Nur.kz” məlumat yayıb.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Arman Kırıkbayev onlayn platformalar və kütləvi informasiya vasitələri ilə bağlı dəyişiklikləri parlamentə təqdim edib.
Nazirin sözlərinə görə, qanun layihəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir. O bildirib ki, uşaqların zərərli məzmuna çıxışını məhdudlaşdırmaq üçün 16 yaşdan kiçik şəxslərin onlayn platformalarda qeydiyyatdan keçməsinin qadağan edilməsi təklif olunur.
Layihəyə əsasən, onlayn platformaların sahibləri və nümayəndələri istifadəçilərin yaşını təsdiqləmək üçün müvafiq tədbirlər görməlidirlər. Qadağa valideynlər, müəllimlər və digər şəxslərlə ünsiyyət üçün istifadə olunan mesajlaşma tətbiqlərinə şamil edilməyəcək.