İrana mesaj, yoxsa hazırlıq? – ABŞ-nin zərbə gəmisi Yaxın Şərqdə
Dünya
ABŞ Yaxın Şərqə daha bir zərbə gəmisi göndərib. Gəminin göyərtəsində 3000-dən çox hərbçi və döyüş təyyarələri var.
News24.az xəbər verir ki, "USS Tripoli" gəmisi ABŞ Silahlı Qüvvələrinə məxsus zərbə gəmisidir. 257 metr uzunluqda olan gəminin göyərtəsində 3 mindən çox dəniz piyadası, həmçinin hərbçiləri daşımaq üçün "MV-22B Osprey" konvertoplanlar var.
Məhz bu gəminin Yaxın Şərqə yerləşdirilməsi ABŞ-nin İrana quru qoşunları göndərə bilmə ehtimalı ətrafında müzakirələri alovlandırır.
Qeyd edək ki, "Tripoli" gəmisi ABŞ ordusunun inventarına 2020-ci ildə daxil edilib. Bu gəmiyə həm də "balaca təyyarədaşıyan" da deyirlər, çünki ölçüsünə görə "USS Gerald R.Ford" gəmisindən kiçikdir (sözügedən gəminin uzunluğu 337 metrdir). Bununla yanaşı, "Tripoli"nin işi başqadır. O, daha çox quruya hərbçi daşıyan təyyarə və helikopterlər üçün nəzərdə tutulub.
Onun göyərtəsində "MV-22B Osprey" konvertoplanları ilə yanaşı, ağır "CH-53K King Stallion" helikopterləri və "AH-1Z" zərbə helikopterləri yer alıb. Həmçinin, 20 çoxhədəfli F-35B qırıcıları da var.
Gəmi özünü müdaifə edə bilmək qabiliyyətinə malikdir. Belə ki, o, raket əleyhinə sistemlərlə təchiz edilib. ("Bild")