Rusiya Ermənistana şərt qoydu: Tələblər yerinə yetirilməsə, qaz kəsiləcək
Dünya
Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü tamamilə dayandıra bilər.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Rusiyadakı mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına əsasən, Moskva Ermənistanın baş naziri Nikol Paşinyana qaz tədarükünün dayandırılmasının qarşısını almaq üçün bir sıra tələblər irəli sürüb.
Bildirilib ki, tələblərdən biri Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası məsələsinin müzakirəsindən imtina edilməsidir.
Digər tələb Rusiyanın iştirakı olan şirkətlərə, o cümlədən dəmir yoluna və “Qazprom”a qarşı tədbirlərin dayandırılması ilə bağlıdır.
Moskva həmçinin Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasını tələb edir.
Söhbət ya Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun ləğv edilməsindən, ya da bu məsələ üzrə referendumun keçirilməsi tarixinin elan olunmasından gedir.
Qəzetin məlumatında daha bir tələbin Ermənistan hakimiyyətinin Rusiyanın “Rusiyameyilli” hesab etdiyi siyasətçilərə qarşı təqibləri dayandırması olduğu bildirilir.
Bundan əlavə, Moskvanın Ermənistan hökumətində Rusiya üçün məqbul olan baş nazir müavininin təyin edilməsini tələb etdiyi qeyd olunur.