Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
Dünya
Rusiyanın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, bu 2025-ci ilin fevral ayında keçiriləcək erkən Bundestaq seçkiləri ərəfəsində böyük kiberhücum və dezinformasiya kampaniyası ilə əlaqədardır.
News24.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Giesen kiberhücumlara görə məsuliyyəti Rusiyanın daşıdığını bildirib.
"2024-cü ilin avqust ayında Almaniyanın hava nəqliyyatının idarəetmə sisteminə edilən kiberhücum Rusiyanın "Fancy Bear" haker qrupu tərəfindən həyata keçirilmişdir. Kəşfiyyatımız göstərir ki, bu hücuma görə Rusiya hərbi kəşfiyyat orqanı olan QRU məsuliyyət daşıyır. İndi əminliklə demək olar ki, Rusiya "Storm-1516" kod adlı dezinformasiya kampaniyası vasitəsilə həm Bundestaq seçkilərinə, həm də Almaniyadakı mövcud daxili işlərə təsir göstərməyə və sabitliyi pozmağa cəhd edir", - M.Giesen qeyd edib.
Almaniya XİN sözçüsünün sözlərinə görə, Berlindəki bu kampaniyanın Rusiya Baş Kəşfiyyat İdarəsinin dəstəklədiyi təşkilatlar tərəfindən idarə olunduğuna dair etibarlı məlumatlar var.
"Rusiya təhlükəsizliyimiz üçün çox real təhdiddir. Rusiyanın təhdidi təkcə Ukraynadakı müharibədən ibarət deyil, Almaniyaya qarşı hərəkətləri də bura aiddir. Almaniya hökuməti Avropa tərəfdaşları ilə birlikdə Rusiyanın hibrid müharibəsinə qarşı bir sıra əks tədbirlər görəcək", - deyə XİN nümayəndəsi bildirib.