Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? – Qərbdən diqqətçəkən proqnoz
Dünya
Rusiya-Ukrayna müharibəsi Vladimir Putin hakimiyyətdə olduğu və silah üçün maliyyə imkanları qaldığı müddətdə davam edəcək.
News24.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
Qeyd olunur ki, Ukrayna işğalın dördüncü ildönümünü cəbhədə ciddi irəliləyiş və danışıqlarda real nəticə olmadan qarşılayır.
“Biz uduzmuruq”, – deyə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Lakin nəşr qeyd edir ki, qələbədən söhbət gedə bilməz: cəbhə xətti əsasən sabit qalır, tərəflər məhdud hücumlar həyata keçirsə də, strateji dəyişiklik müşahidə olunmur.
Qərb qiymətləndirmələrinə görə, Rusiyanın itkiləri ölən, yaralanan və itkin düşənlər də daxil olmaqla bir milyonu keçib. Buna baxmayaraq, Kreml könüllülərə yüksək məbləğli müqavilələr təklif edərək müharibəni davam etdirir. Ukrayna isə səfərbərlik və cəmiyyətin yorğunluğu ilə bağlı çətinliklərlə üzləşir.
Sülh danışıqları isə dalana dirənib. Üç raund təmasdan sonra tərəflər yalnız əsir mübadiləsi və enerji infrastrukturuna zərbələrin qısa müddətə azaldılması barədə razılığa gələ biliblər.
Nəşr yekunda bildirir ki, müharibə hazırda mövqe xarakteri daşıyır və onun yaxın zamanda başa çatacağına dair əlamət görünmür.