Rusiya-Ukrayna müharibəsinin başlamasından dörd il ötür
Dünya
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ildönümüdür.
News24.az xatırladır ki, müharibə 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə başlayıb və artıq dörd ildir davam edir.
BMT-nin məlumatına görə, bu müddətdə minlərlə mülki şəxs həlak olub, on minlərlə insan yaralanıb. Ukrayna tərəfi yüz minlərlə hərbçinin həlak və ya yaralı olduğunu bildirir, Rusiya tərəfi isə itkilərlə bağlı dəqiq statistika açıqlamır.
Müharibə nəticəsində milyonlarla ukraynalı ölkə daxilində məcburi köçkünə çevrilib, 6 milyondan çox insan isə xaricə sığınıb. Ölkənin enerji infrastrukturu, yaşayış binaları və sənaye obyektləri ciddi dağıntılara məruz qalıb.
İki ölkənin nümayəndələri dəfələrlə danışıqlar masasına əyləşsələr də, sülhə aparan yolda ciddi bir irəliləyiş əldə edilməyib. Danışıqların müsbət nəticəsi kimi yalnız əsirlərin mübadiləsini göstərmək olar ki, dörd il ərzində tərəflər bir neçə dəfə əsir mübadiləsi həyata keçiriblər.