“Sən tərcüməçi deyilsən” – Parlamentdə QALMAQAL

“Sən tərcüməçi deyilsən” – Parlamentdə QALMAQAL Dünya


Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında bu dəfə DEM Partiyasının İzmir millət vəkili Burcugül Çubuk kürsüdəki çıxışı zamanı kürdcə lənət ifadəsi işlədib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, hadisə dərhal siyasi qarşıdurmaya çevrilib.

Burcugül Çubukun çıxışının sonunda səsləndirdiyi ifadə İYİ Partiya qrup sədr müavini Turhan Çömez tərəfindən sərt tənqid edilib. Çömez, millət vəkili tərəfindən anlaşılmayan bir dildə söyüş işlətməsini qəbuledilməz adlandırıb və bu ifadəyə “lənət oxuyuruq” deyə cavab verib.

Daha sonra Turhan Çömez kürdcə ifadəni tərcümə edən TBMM sədr müavini Pervin Buldana qarşı da sərt çıxış edib:

“Sən tərcüməçi deyilsən. Məclis sədrinin müavinisən. Sənin vəzifən millət vəkillərinin dediklərini tərcümə etmək deyil”.

Hadisədən sonra iclasa fasilə verilib. DEM Partiyasından olan Burcugül Çubuk isə daha sonra sözlərinin yanlış başa düşüldüyünü bildirib.

Parlamentdəki insident geniş siyasi və ictimai müzakirələrə səbəb olub.