Səsi ilə dünyanı fəth edən ulduzdan gözlənilən xəbər gəldi
Dünya
Kanadalı müğənni Selin Dion bu payız səhnəyə qayıdacaq. Onun Parisdə sentyabr və oktyabr aylarına planlaşdırılan 10 konserti olacaq.
News24.az xəbər verir ki, bu barədə müğənni özü martın 30-da, yəni öz doğum günündə açıqlama verib.
“Bu il həyatımın ən gözəl hədiyyəsini alacağam. Sentyabrdan etibarən Parisdə sizinlə yenidən görüşmək və sizin üçün mahnılarımı oxumaq şansı əldə edəcəyəm”, – deyə 58 yaşı tamam olan Dion Fransanın “France 2” telekanalına müsahibəsində bildirib.
Elan eyni zamanda Eyfel qülləsi üzərində təşkil olunan işıq şousu ilə də təqdim edilib. Biletlərin ön satışı aprelin 7-də, ümumi satış isə aprelin 10-da başlayacaq.
Müğənni 1990-cı illərin sonlarında “Titanik” filminin məşhur “My Heart Will Go On” mahnısı ilə dünya şöhrəti qazanıb.
O, 2022-ci ildə səhhətində yaranan problemlərə görə karyerasına fasilə verib. Müğənni nadir nevroloji xəstəlik olan və əzələ spazmları yaradan Stiff-Person sindromu diaqnozu aldığını açıqlamışdı.
Bu səbəbdən Dion daha əvvəl də konsert turnesini əvvəlcə təxirə salıb, daha sonra isə ləğv edib.
Dünya üzrə ən çox gəlir əldə edən ifaçılardan biri olan Dion 2003-2007 və 2011-2019-cu illərdə Las-Veqasda konsert proqramları ilə çıxış edib və bu şoular tarixdə ən gəlirli layihələrdən sayılıb.
O, ikiillik fasilədən sonra ilk dəfə 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində Edit Piafın “Hymne à l'amour” mahnısını ifa edərək səhnəyə qayıdıb.
Bu çıxışdan sonra onun yenidən böyük səhnələrə qayıdacağı ilə bağlı ehtimallar daha da güclənib.