Səhra tozu Aralıq dənizinə yayıldı: Şəhərlər qəhvəyi rəngə büründü

Səhra tozu Aralıq dənizinə yayıldı: Şəhərlər qəhvəyi rəngə büründü Dünya

Afrikadan gələn nəhəng səhra tozu kütləsi Aralıq dənizi üzərindən keçərək geniş bir bölgədə həyatı iflic edib.

News24.az xəbər verir ki, atmosfer hadisəsi əvvəlcə Krit adası üzərində səmanı qırmızı rəngə boyayıb, daha sonra isə Türkiyənin cənub sahillərinə çatıb.

Hava axını xüsusilə Hatay, Adana, Mersin və Antalya şəhərlərində ciddi fəsadlar törədib. Toz dumanı səbəbindən bəzi bölgələrdə görünmə məsafəsi 150 metrə qədər enib. Şəhər mərkəzlərində küçələr, parklar və avtomobillərin üzəri qatı toz təbəqəsi ilə örtülərək qəhvəyi rəng alıb.

Antalyada isə toz dumanı yağışla birləşərək yerə palçıq şəklində çöküb. Sakinlər səhər saatlarında avtomobillərinin və evlərinin pəncərələrinin palçıqla örtüldüyünü görüblər. Sinoptiklərin məlumatına görə, günorta saatlarından etibarən təsirini azaldan toz dumanının axşam saatlarında bölgəni tamamilə tərk edəcəyi gözlənilir.

Ekspertlər tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən şəxslərə belə havalarda açıq havada qalmamağı tövsiyə edirlər.