Sosial müavinət alan evsiz kişi "Ferrari" sürərkən saxlanıldı
Dünya
Fransa polisi sosial müavinət alan evsiz kişini “Ferrari” avtomobilini idarə edərkən saxlayıb.
News24.az xəbər verir ki, hadisə Fransanın Voklüz regionunda baş verib.
Yol polisi əməkdaşları saatda təxminən 250 km sürətlə hərəkət edən “Ferrari Portofino”nun sürücüsünü saxlayıblar. Yoxlama zamanı məlum olub ki, kişi rəsmi olaraq işsiz kimi qeydiyyatdadır, adına heç bir əmlak rəsmiləşdirilməyib, yaşayış ünvanı yoxdur və bir neçə ildir sosial müavinət alır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, avtomobilin dəyəri təxminən 200 min avrodur. Dindirmə zamanı sürücü maşının anasına məxsus olduğunu bildirib. Lakin qeydiyyat məlumatlarının yoxlanılması göstərib ki, idman avtomobili şübhəlinin özü, anası və iki bacı-qardaşının sahib olduğu daşınmaz əmlak şirkətinin adına rəsmiləşdirilib.
Aparılan əlavə araşdırma sosial ödənişlərlə bağlı genişmiqyaslı dələduzluq və vergidən yayınma sxeminin mümkün mövcudluğunu üzə çıxarıb.
İstintaq müəyyən edib ki, ailə rəsmi gəlir göstərmədiyi və Fransanın ailə fondunun maliyyə dəstəyini aldığı halda, bahalı alış-veriş edir, dəbdəbəli həyat tərzi sürür və səyahətlər edirmiş. Daşınmaz əmlak əməliyyatlarından və digər fəaliyyət növlərindən əldə olunan gəlirlərin isə vergi hesabatlarında əks olunmadığı bildirilir.
İlkin hesablamalara görə, qanunsuz əldə olunan sosial ödənişlərin məbləği azı 1,8 milyon avro təşkil edir. Bundan əlavə, istintaq 1,6 milyon avrodan çox bəyan edilməmiş gəlir aşkar edib.
Bir neçə ünvanda aparılan axtarışlardan sonra ailə üzvləri saxlanılıb. Onlar yaxın vaxtlarda Draquinyan şəhərində məhkəmə qarşısına çıxarılacaqlar.
İttihamlar arasında bəyan edilməmiş əmək fəaliyyəti, ağırlaşdırıcı hallarda çirkli pulların yuyulması, şirkət aktivlərindən sui-istifadə və dələduzluq yer alır. (Oddity Central)