Sosial şəbəkələrdə sərvəti ilə öyünən qadın qarət edildi
Dünya
Hindistanda polis sosial şəbəkələrdə sərvəti ilə öyünən bloqer qadının evində törədilən böyük məbləğdə oğurluq hadisəsini araşdırır.
News24.az xəbər verir ki, cinayətkarlar evdən təxminən 100 min dollar dəyərində qızıl-zinət əşyaları və nağd pul aparıblar.
Hadisə Tamilnad ştatında, ailə evdə olmadığı zaman baş verib. Polisin məlumatına görə, oğrular arxa qapını sındıraraq evdən təxminən 950 qram qızıl, brilliant zinət əşyaları və 50 min rupi nağd pul aparıblar.
Müstəntiqlər qadının sosial şəbəkə hesablarına diqqət yetiriblər. Bloqer mütəmadi olaraq qızıl bəzək əşyalarını və pul dəstələrini nümayiş etdirdiyi videolar paylaşıb.
Hətta videoların birində o, öz övladının üzərinə pul dəstələri səpələyib.
Bundan əlavə, bəzi paylaşımlarında qadın ailəsinin səfərləri haqqında danışaraq hara və nə üçün getdiklərini bildirib.
İndi polis cinayətkarların onun hesabını izləyərək evdə hansı qiymətli əşyaların olduğunu və ev sahiblərinin nə vaxt yerində olmayacağını öyrənmək üçün bu məlumatlardan istifadə edib-etmədiyini yoxlayır.
Şübhəlilərin axtarışı üçün beş xüsusi qrup yaradılıb. Müstəntiqlər müşahidə kameralarının görüntülərini, barmaq izlərini və sosial şəbəkələrdəki fəallığı araşdırırlar.