Sosial şəbəkələrlə bağlı qanun təsdiqləndi - Uşaqlara qadağa

Sosial şəbəkələrlə bağlı qanun təsdiqləndi - Uşaqlara qadağa Dünya

Türkiyədə sosial media tənzimləmələri ilə bağlı qanun layihəsi Böyük Millət Məclisi tərəfindən qəbul edilərək qüvvəyə minib.

News24.az xəbər verir ki, internet yayımına dair qaydalarda “oyun”, “oyun yayımçısı”, “oyun tərtibatçısı” və “oyun platforması” anlayışları qanun çərçivəsinə daxil edilib.

Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən “məzmunun yayından çıxarılması və girişin məhdudlaşdırılması” maddəsi yenidən tənzimlənib.

Buna əsasən, sosial şəbəkə təminatçıları 15 yaşına çatmamış uşaqlara xidmət göstərə bilməyəcək və yaşın təsdiqi daxil olmaqla lazımi tədbirləri görməyə borcludur.

5 yaşdan yuxarı uşaqlar üçün isə ayrıca xidmət təqdim olunacaq və görülən tədbirlər şirkətlərin saytlarında dərc ediləcək.

Sosial şəbəkə təminatçıları həmçinin valideyn nəzarəti alətləri təqdim etməlidir. Bu alətlər hesab parametrlərinə nəzarət, ödənişli əməliyyatların valideyn təsdiqi ilə həyata keçirilməsi və istifadə müddətinin izlənməsini əhatə edəcək. Aldadıcı reklamlara qarşı tədbirlərin görülməsi də məcburi olacaq.

Türkiyədən gündəlik 10 milyondan çox istifadəçisi olan sosial şəbəkələr təcili hallarda verilən qərarları dərhal və ən gec 1 saat ərzində icra etməlidir.

Tələblərə əməl edilmədikdə reklam qadağası tətbiq olunacaq, pozuntular davam edərsə, internet sürətinin məhdudlaşdırılması tətbiq edilə bilər.

Qanunla oyun platformaları üçün də öhdəliklər müəyyən edilib. Platformalar reytinqi olmayan oyunları təqdim edə bilməyəcək və ya onları ən yüksək yaş kateqoriyasına uyğun təsnif etməlidir.

Xaricdən idarə olunan və Türkiyədə gündəlik 100 mindən çox istifadəçisi olan platformalar ölkədə rəsmi nümayəndə təyin etməlidir.

İnformasiya Texnologiyaları və Rabitə Qurumu oyun platformalarından onların korporativ strukturu və məlumatların emalı prosesləri ilə bağlı məlumat tələb edə biləcək. Tələblərə əməl olunmadıqda inzibati cərimələr tətbiq ediləcək və pozuntular davam edərsə, internet trafikinin məhdudlaşdırılması gündəmə gələ bilər. /Bloomberg HT