Uitkoff Cenevrə danışıqlarında iştirak edəcək

Uitkoff Cenevrə danışıqlarında iştirak edəcək Dünya

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner bu həftə İranla danışıqların yeni raundunda iştirak etmək üçün Cenevreyə getməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

ABŞ və İran diplomatları son həftələr nüvə sazişi ilə bağlı razılığa gəlməyə çalışırlar, lakin agentliyin qeyd etdiyi kimi, Vaşinqtonun mümkün hərbi zərbə variantı gündəmdən çıxmayıb. Belə ki, ABŞ ordusu Yaxın Şərqdə iki aviadaşıyıcı gəmi, qırıcı təyyarələr və yanacaqdaşıyan təyyarələr də daxil olmaqla ciddi hərbi qüvvə cəmləşdirib.

Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə dosyesi üzrə ikinci danışıqlar raundu keçirilib. İran Xarici İşlər Nazirliyi bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu və bu razılaşmaların gələcək nüvə proqramı sazişinin layihəsinə daxil edilə biləcəyini açıqlayıb.

Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini bildirsə də, Tehran Ağ ev tərəfindən irəli sürülən bəzi mövqeləri hələ qəbul etməyə hazır deyil. ABŞ və İsrail daha əvvəl İranın yalnız nüvə proqramının inkişafından deyil, həm də ballistik raket istehsalından və Yaxın Şərqdəki proiran qüvvələrə dəstəkdən imtina etməsində israr edib.