Ukrayna iki milyondan çox kişini itirdi

Ukrayna iki milyondan çox kişini itirdi Dünya

Dörd il ərzində Ukraynanın əhalisi səkkiz milyon nəfər azalıb, onlardan 2,2 milyonu yetkin kişilərdir.

News24.az xəbər verir ki, bu barədə BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna Elmlər Akademiyasının sosioloqlarının məlumatlarına istinadən “Vedomosti” qəzeti məlumat yayıb.

2021-ci ilin ortalarında Ukraynada 18–60 yaş arası kişi sayı 12,9 milyon nəfər ikən, 2025-ci ildə bu rəqəm 10,7 milyona düşüb, yəni 17 faiz azalıb. Hesablamalara görə, 1,5 milyondan çox kişi ölkəni tərk edib, azı 200 min nəfər isə həlak olub və ya itkin düşüb.

2025-ci ilin avqustuna olan vəziyyətə görə, 18–64 yaş arası 984 mindən çox ukraynalı kişi Avropa İttifaqı ölkələrində müvəqqəti sığınacaq alıb. Onların ən çoxu Almaniyada (279 min), Polşada (143 min) və Çexiyada (114 min) yerləşib. Polşa həmçinin ukraynalı tələbələr üçün əsas istiqamətə çevrilib. 46 210 nəfər təhsil məqsədilə bu ölkəyə gedib. 2024-cü ildə xaricdə təhsil alan ukraynalıların sayı 118 min nəfər olub, halbuki 2014-cü ildə bu göstərici 40 min idi.

BMT-nin qiymətləndirməsinə görə, 2022-ci ilin fevralından bəri 6,9 milyon ukraynalı ölkəni tərk edib. Onların arasında hərbi çağırış yaşında olan 1,5 milyon kişi var. Avropada müvəqqəti müdafiədən 5,1 milyon ukraynalı yararlanıb, onların 1,1 milyonu kişidir. 1,2 milyondan çox vətəndaş isə Rusiyaya gedib.

Ukraynanın demoqrafik itkiləri doğum səviyyəsinin azalması ilə də bağlıdır. 2025-ci ildə ölkədə ölüm sayı doğum sayını üç dəfə üstələyib. 485 200 ölüm qarşısında 168 700 doğum olub. 2022–2025-ci illərdə təbii əhali azalması 1,3 milyonu keçib.

Ukrayna Baş Prokurorluğunun 2024-cü ilin oktyabrına olan məlumatına görə, 2022-ci ilin fevralından bəri Silahlı Qüvvələrdə mövqelərin tərk edilməsi və fərariliklə bağlı təxminən 100 min hal qeydə alınıb. Bu, ordunun ümumi şəxsi heyətinin təxminən 10 faizinə bərabərdir. Bildirilib ki, həmin 100 min hərbçinin yarıdan çoxu mövqelərini 2024-cü ildə tərk edib.

“The Times” qəzetinin məlumatına görə, hərbi xidmətdən yayınan ukraynalılar ölkədən qaçmaq üçün bələdçilərə 5 min dollara qədər pul ödəyirlər. Bəziləri Rumıniya ilə sərhəddəki çayı hidrokostyum və xilasedici jiletlərlə üzərək keçməyə cəhd ediblər.