Ukrayna nümayəndə heyəti Cenevrə danışıqlarında fikir ayrılığı yaşayır

Ukrayna nümayəndə heyəti Cenevrə danışıqlarında fikir ayrılığı yaşayır Dünya

Ukraynanın Cenevrədəki nümayəndə heyətində fikir ayrılığı yaranıb.

News24.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov başda olmaqla bir qrup ABŞ-nin himayəsi altında tez bir zamanda razılaşmanın əldə olunmasının tərəfdarıdır. Onlar hesab edir ki, imkan pəncərəsi yaxın vaxtlarda bağlana bilər.

Digər qrup isə, iddialara görə, Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andriy Yermakın təsiri altında qalır və tələsik qərarların verilməsinə daha ehtiyatla yanaşır.

Volodimir Zelenski isə, nəşrin yazdığına görə, bu iki düşərgə arasında balans yaratmağa çalışır.

Müzakirə olunan ən çətin məsələlərdən biri ərazi mövzusudur. Rusiya Ukraynanın Donbasdakı möhkəmləndirilmiş mövqelərdən imtina etməsində israr edir.

İddialara əsasən, “Amerika kompromisi” kimi təqdim olunan variant da müzakirə edilir. Bu plana görə, müəyyən şərtlər daxilində “Trampın sülh şurası” nəzdində demilitarizasiya olunan azad iqtisadi zona yaradılması nəzərdə tutulur.

Lakin “The Economist” qeyd edir ki, belə format ABŞ daxilində hüquqi problemlərlə üzləşə bilər. Çünki bu addım faktiki olaraq işğalın tanınması kimi qiymətləndirilə bilər.