Ukraynada hava həyəcanı ilə bağlı YENİ QAYDA – Zelenski açıqladı

Ukraynada hava həyəcanı ilə bağlı YENİ QAYDA – Zelenski açıqladı Dünya

Zelenski Ukraynada “sarı” və “qırmızı” olmaqla iki səviyyəli hava həyəcanı sisteminin tətbiq ediləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, təhlükələrin hansı səviyyəyə aid ediləcəyini müvafiq dövlət qurumları hər həftə müəyyənləşdirəcək.

Bu dəyişikliklər Rusiyanın Ukrayna şəhərlərində mülki həyatın və adi iqtisadi fəaliyyətin iflic edilməsinə yönələn yeni dron taktikasına qarşı mübarizə məqsədi daşıyır.

“Sarı” səviyyə əsasən dron hücumları, “qırmızı” səviyyə isə raket təhlükəsi, o cümlədən ballistik raket hücumları və kütləvi hücumlarla əlaqələndiriləcək. Hər səviyyə üçün fərqli xəbərdarlıq siqnallarının tətbiqi nəzərdə tutulur.

Bundan əlavə, hava həyəcanının ərazi üzrə daha dəqiq fərqləndirilməsi planlaşdırılır. Məqsəd təhlükə siqnalının yalnız real təhdidin mövcud olduğu ərazilərdə elan edilməsi və müvafiq tədbirlərin həmin ərazilərlə məhdudlaşdırılmasıdır.

“Sarı” səviyyə zamanı dövlət qurumları, yerli özünüidarəetmə orqanları, biznes subyektləri və digər iqtisadi və sosial obyektlərin fəaliyyəti ilə bağlı dəqiq meyarlar müəyyənləşdiriləcək.

Kiyevdə “sarı” səviyyəli təhlükə zamanı metronun yaşıl xəttinin fəaliyyət göstərməsi planlaşdırılır. Qırmızı səviyyə zamanı metro fəaliyyətinin məhdudlaşdırılması halında sərnişin daşımalarının kompensasiya edilməsi üçün yerüstü nəqliyyat şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

Həmçinin paytaxtda komendant saatının müddətinin qısaldılması planlaşdırılır. Zelenski bildirib ki, analoji qərarın digər şəhərlərə də təklif edilməsi nəzərdə tutulur.