Xamenei axşam saatlarında razılıq verdi
Dünya
İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda iştirak etmək üçün ali rəhbər Müctəba Xameneidən razılıq alıb.
News24.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyəti danışıqlara qatılmaq üçün ali rəhbərin icazəsini gözləyib. Mənbələrin bildirdiyinə görə, bu razılıq bazar ertəsi axşamı verilib.
Həmsöhbətlərdən birinin sözlərinə görə, İran tərəfi danışıqları İnqilab Keşikçiləri Korpusunun (SEPAH) göstərdiyi açıq təzyiq səbəbindən gecikdirib.
Bildirilir ki, görüşün təxirə salınmasında məqsəd daha sərt mövqe formalaşdırmaqdır. İran tərəfi isə ABŞ-nin tətbiq etdiyi blokadalar aradan qaldırılmadan danışıqların aparılmayacağını bildirib.
Nəşrin məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens aprelin 21-i səhər saatlarında İslamabada yola düşəcək və İranla mümkün razılaşma üzrə danışıqlar aparacaq.
Aprelin 20-də ABŞ Prezidenti Donald Tramp da bildirib ki, Vens və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla yeni danışıqlar raundunun hazırlanması üçün İslamabada gediblər.
Tramp İranın danışıqlardan imtina edə biləcəyi ilə bağlı iddiaları rədd edib.
“The Wall Street Journal” isə yazıb ki, İran da danışıqlar üçün nümayəndə heyətini İslamabada göndərəcək.