Zelenski Cenevrə danışıqlarının nəticələrini açıqladı

Zelenski Cenevrə danışıqlarının nəticələrini açıqladı Dünya

Ukrayna danışıqlar qrupu İsveçrədəki görüşlərin nəticələri üzrə prezidentə hesabat təqdim edib.

News24.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında bildirdiyinə görə, görüşlərdə telefon vasitəsilə açıqlana bilməyən məsələlər də müzakirə olunub.

“Biz hesab edirik ki, müharibəni layiqincə başa çatdırmaq üçün real imkanlar mövcuddur. Ümid edirik ki, yaxın zamanda – fevral ayında növbəti danışıqlar raundunu təşkil etmək mümkün olacaq və bu raund həqiqətən nəticəli ola bilər”, – deyə prezident vurğulayıb.

Zelenski əlavə edib ki, üçtərəfli format və ABŞ ilə görüş üçün prioritetlər müəyyən edilib.

“Biz liderlərin görüşüb hələ komanda səviyyəsində həll olunmayan məsələləri müzakirə etməyə hazır olması üçün çalışırıq. Məhz liderlik formatı bir çox məsələdə həlledici ola bilər və Ukrayna bu formata hazırdır”, – deyə o qeyd edib.

Prezident humanitar məsələlərdə irəliləyiş üçün də şəraitin yaradılmasını vacib sayıb. Hərbi əsirlərin dəyişdirilməsi prosesi davam etməlidir: “Ümid edirik ki, bu, yaxın zamanda mümkün olacaq”.

Zelenski Avropa tərəfdaşlarını da vurğulayıb: “Avropa müharibənin başa çatdırılması üçün işləyir və Avropanın rolu artmalıdır. Ukrayna həmişə ümumi Avropa maraqlarını qoruyur”.

Prezident jurnalistlərə deyib ki, hərbi alt qrupda konstruktiv irəliləyiş əldə olunub: “Bütün tərəflər razılaşdı ki, müharibə başa çatdıqda və ya atəşkəs zamanı monitorinq əsasən amerikalılar tərəfindən həyata keçiriləcək. Onlar bu istiqamətə rəhbərlik edəcəklər”.