Zorakılıq edən şagirdlər çubuqla döyüləcək - Bu ölkədə

Zorakılıq edən şagirdlər çubuqla döyüləcək - Bu ölkədə Dünya

Sinqapur hakimiyyəti məktəblərdə oğlan şagirdlərə qarşı fiziki cəzanın tətbiqinə icazə verib.

News24.az xəbər verir ki, cəza oğlan şagirdlərin digərlərinə qarşı zorakılıq, o cümlədən kiberzorbalıq hallarında tətbiq ediləcək.

Qərara əsasən, zorakılıq edən şagirdlər rotanq (rattan) çubuğu ilə cəzalandırıla biləcəklər. Ölkənin Təhsil Nazirliyi bildirib ki, yeni intizam qaydaları 9 yaş və daha yuxarı oğlan şagirdlərə şamil olunur.

Qeyd edilib ki, günahkar hesab edilən şagirdə maksimum üç zərbə vurula bilər və bu say pozuntunun ağırlığından asılı olaraq müəyyənləşdiriləcək.

Nazirliyin rəhbəri Desmond Li bildirib ki, fiziki cəza son çarə kimi tətbiq olunacaq. Onun sözlərinə görə, bu addım yalnız digər təsir üsulları nəticə vermədikdə və ciddi intizam pozuntuları hallarında istifadə ediləcək. Çubuqla cəza məktəb direktoru tərəfindən təsdiqlənməli və yalnız səlahiyyətli müəllim tərəfindən həyata keçirilməlidir.

Həmçinin şagirdin yaşı, yetkinlik səviyyəsi və cəzanın onun davranışını dəyişməyə nə dərəcədə təsir edəcəyi kimi amillərin də nəzərə alınacağı bildirilib.

Desmond Li əlavə edib ki, cəza tətbiq edildikdən sonra məktəb şagirdin vəziyyətini izləyəcək və ona psixoloji dəstək göstəriləcək.

Qız şagirdlər zorakılıqda təqsirli bilinərsə, onlara fərqli intizam tədbirləri kimi dərsdən sonra saxlanma, dərslərdən müvəqqəti uzaqlaşdırılma və davranış qiymətinin aşağı salınması kimi cəzalar tətbiq ediləcək.

Qeyd edək ki, BMT-nin himayəsində fəaliyyət göstərən UNICEF uşaqlara qarşı fiziki cəzanın əleyhinədir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, hər il dünyada təxminən 1,2 milyard azyaşlı ev şəraitində fiziki zorakılığa məruz qalır və bu, onların sağlamlığına ciddi təsir göstərir. /The Guardian/